
OpenAI ilə Broadcom arasında strateji əməkdaşlıq imzalanıb
Tech-Biznes
14.10.2025
Emil
OpenAI və Broadcom ümumi gücü 10 giqavatt olan OpenAI tərəfindən hazırlanmış xüsusi süni intellekt sürətləndiricilərinin yaradılması və mərhələli şəkildə tətbiqi üzrə əməkdaşlıq elan ediblər. OpenAI öz çiplərində qabaqcıl süni intellekt modellərinin yaradılması prosesində əldə etdiyi təcrübə və bilikləri birbaşa aparat səviyyəsində inteqrasiya etməyi planlaşdırır. İşlərin 2026-cı ilin ikinci yarısında başlaması, 2029-cu ilin sonuna isə başa çatması nəzərdə tutulur. Əməkdaşlıq sazişinə əsasən, OpenAI-nin süni intellekt sürətləndiriciləri və Broadcom-un şəbəkə texnologiyaları əsasında tam miqyasda genişləndirilə bilən hesablama stendləri OpenAI-yə məxsus və partnyor məlumat mərkəzlərində yerləşdiriləcək. Bu əməkdaşlıq Broadcom üçün xüsusi sürətləndiricilərin əhəmiyyətini və süni intellekt məlumat mərkəzlərində şəbəkələrin şaquli və üfüqi miqyasda genişləndirilməsi üçün Ethernet texnologiyasının seçilməsinin düzgün istiqamət olduğunu təsdiqləyir.

OpenAI-nin rəhbəri Sam Altman bildirib: “Broadcom ilə tərəfdaşlıq süni intellektin potensialını açmaq və onu insanların və bizneslərin real faydasına çevirmək üçün zəruri infrastrukturun yaradılmasında kritik addımdır. Öz sürətləndiricilərimizi inkişaf etdirmək daha geniş tərəfdaş ekosistemini tamamlayır - bu ekosistem birgə şəkildə süni intellektin imkanlarını bütün bəşəriyyətin xeyrinə genişləndirmək üçün lazım olan potensialı formalaşdırır”. “Broadcom və OpenAI arasında əməkdaşlıq ümumi süni intellektin inkişafında dönüş nöqtəsidir” - deyə Broadcom şirkətinin prezidenti və baş icraçı direktoru Hock Tan bildirib. “O vaxtdan bəri ki, ChatGPT meydana çıxıb, OpenAI süni intellekt inqilabının ön sıralarında dayanır və biz 10 giqavatt gücündə yeni nəsil sürətləndiriciləri və şəbəkə sistemlərini birgə hazırlayıb tətbiq etməyə görə məmnunuq. Bu, süni intellektin gələcəyinə gedən yolu açacaq” deyə Hock Tan bildirib.

“Broadcom ilə əməkdaşlığımız süni intellekt sahəsində irəliləyişlərin əsas hərəkətverici qüvvəsinə çevriləcək və bu texnologiyanın potensialını tam açmağa imkan verəcək. Öz çipimizi hazırlamaqla biz qabaqcıl modellərin və məhsulların yaradılması zamanı əldə etdiyimiz bilikləri birbaşa aparat səviyyəsinə inteqrasiya edə bilərik. Bu, yeni imkanlar və daha yüksək intellekt səviyyəsi deməkdir” - deyə OpenAI-nin həmtəsisçisi və prezidenti Greg Brockman qeyd edib. “OpenAI ilə tərəfdaşlığımız açıq, miqyaslana bilən və enerji baxımından səmərəli süni intellekt klasterlərinin yaradılması və tətbiqi üzrə yeni sənaye standartları müəyyənləşdirməyə davam edir. Xüsusi sürətləndiricilər standart şəbəkə həlləri ilə mükəmməl şəkildə uzlaşır. Hər bir modulda Broadcom-un Ethernet, PCIe və optik bağlantılar üzrə geniş həll portfeli birləşdirilib və bu da süni intellekt infrastrukturu sahəsində liderliyimizi bir daha təsdiqləyir” - deyə Broadcom şirkətinin yarımkeçirici həllər üzrə prezidenti Charlie Kawwas bildirib.

Keçən ayın sonunda NVIDIA növbəti 10 il ərzində OpenAI-a 100 milyard dollara qədər investisiya yatırmaq planlarını açıqlayıb. OpenAI, ümumi gücü 10 giqavatt olan və NVIDIA süni intellekt sürətləndiricilərinə əsaslanan sistemləri yerləşdirməyi planlaşdırır. Bu rəqəm elan olunduğu vaxtda təxminən 4-5 milyon qrafik prosessora bərabər idi. Oktyabr ayının əvvəlində OpenAI və AMD arasında saziş imzalanıb. Razılaşmaya əsasən, Sam Altman-ın rəhbərlik etdiyi şirkət çip istehsalçısının səhmlərinin 10%-nə qədərini əldə edə biləcək. AMD, OpenAI-ya 160 milyon adi səhm almaq hüququ verib və bu hüquqların həyata keçirilməsi müddətləri həm AMD səhmlərinin qiymətinə, həm də OpenAI tərəfindən həyata keçiriləcək yerləşdirmə həcminə bağlanıb.

Gələcək bir neçə il ərzində OpenAI öz məlumat mərkəzlərində ümumi gücü 6 giqavatt olan bir neçə nəsil AMD Instinct qrafik prosessorlarını geniş şəkildə yerləşdirəcək. OpenAI-nin həftəlik aktiv istifadəçi sayı 800 milyonu keçib və şirkət artıq qlobal korporasiyalar, kiçik bizneslər və tətbiq tərtibatçıları arasında geniş şəkildə istifadə olunur. OpenAI bildirir ki, şirkətin əsas missiyası süni intellektin bütün bəşəriyyət üçün faydalı olmasını təmin etməkdir. Bununla belə, bir çox ekspertlər hesab edirlər ki, şirkətə edilən bu miqyaslı investisiyalar süni intellekt infrastrukturu sahəsindəki bəzi sazişlərin “dövrü xarakteri” ilə bağlı narahatlıqları daha da gücləndirir.
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
OpenAI süni intellekt dövrünü təyin edib və onun mərkəzinə çevrilib
Hazırda İT sənayesi süni intellekt texnologiyalarının boom dövrünü yaşayır və bu prosesin mərkəzində OpenAI şirkəti dayanır. CNBC yazır ki, onun bu qədər güclü dominantlığı Silikon Vadisəsində indiyədək görünməmiş bir haldır.

Proqram Təminatı
ChatGPT istifadəçiləri öz çatlarını yenidən geri qaytarılmadan silə bilərlər
Bu ilin əvvəlində məhkəmə OpenAI şirkətini istifadəçi çatlarının jurnallarını (loqlarını) onların silindikləri halda belə saxlamağa məcbur etmişdi. Lakin indi istifadəçilər öz çatlarını yenidən geri qaytarılmadan silə bilirlər.

Təhlükəsizlik
App Store-da OpenAI Sora tətbiqinin saxta versiyaları yayılıb
OpenAI tərəfindən hazırlanmış və mətn təsvirinə əsasən videolar yaratmağa imkan verən Sora tətbiqinin sürətli şəkildə məşhurluq qazanması bir çox dələduzları bundan qazanc əldə etməyə cəhd göstərməyə vadar edib.

Süni İntellekt
OpenAI süni intellekt modelləri siyasi mövzularda qərəzlilik testlərindən keçiblər
OpenAI son nəsil GPT-5 süni intellekt modellərinə “stres testi” tətbiq edib və onların şirkətin ən vacib məqsədlərindən birinə - “ChatGPT heç bir istiqamətdə siyasi qərəzli olmamalıdır” - digər modellərdən daha çox yaxınlaşdığını müəyyənləşdirib.

Proqram Təminatı
OpenAI-nin Sora tətbiqi 5 gündən az müddətdə 1 milyon dəfədən çox yüklənib
OpenAI tərəfindən bir müddət əvvəl təqdim olunmuş video generasiya tətbiqi Sora 5 gündən az müddətdə 1 milyondan çox dəfə yüklənib. Bu barədə Sora komandasının rəhbəri Bill Peebles sosial şəbəkə X-dəki hesabında məlumat verib.
Ən çox oxunanlar

Apple M5 prosessorlu yeni MacBook Pro təqdim edilib - QİYMƏTİ
