Logo
    main-post-cover

    Neyron şəbəkələri internet aktivliyinin yalnız 1%-ni əhatə edirlər

    Süni İntellekt
    14.10.2025
    Emil
         Elə görünür ki, süni intellekt mövzusu hər kəsin gündəmindədir və bu sahəni inkişaf etdirən şirkətlər tez-tez istifadəçi auditoriyasının artması barədə hesabatlar verir. Lakin müstəqil tədqiqatlar göstərir ki, qlobal internet istifadəçilərinin gündəlik onlayn fəaliyyətində süni intellektin payı hələ də olduqca kiçikdir. Bu mövzuya həsr olunmuş tədqiqatın nəticələrini PsyPost nəşri paylaşıb. 14 milyon veb-sayt ziyarətinin təhlili nəticəsində məlum olub ki, süni intellektlə bağlı internet fəaliyyətləri ümumi onlayn aktivliyin cəmi 1%-dən azını təşkil edir. Bundan əlavə, tədqiqat göstərib ki, süni intellekti daha tez-tez istifadə edən insanlar bəzən xarakterlərində xoşagəlməz xüsusiyyətlər nümayiş etdirirlər. Araşdırma iki mərhələdə aparılıb. İlk mərhələdə iki universitetdə təhsil alan 499 tələbədən ibarət qrup iştirak edib. İkinci mərhələdə isə 455 nəfərlik daha müxtəlif sosial qrup təmsil olunub.
         Hər iki halda təcrübə iştirakçıları 90 gün ərzində ziyarət etdikləri veb-saytların tarixçəsini tədqiqatçılarla bölüşüblər. Təcrübənin əsas şərti Google Chrome brauzerindən istifadə idi, çünki o, məlumatların tələb olunan formatda ixracını təmin edirdi. İştirakçılar, həmçinin, onların şəxsiyyət xüsusiyyətlərini, süni intellektə münasibətlərini və demoqrafik göstəricilərini müəyyən etmək məqsədilə keçirilmiş sorğularda iştirak ediblər. ChatGPT Microsoft Copilot kimi saytlar süni intellektlə əlaqəli resurslar kimi müəyyənləşdirilib. Digər veb resurslar isə böyük dil modeli vasitəsilə mövzularına görə təsnif edilib. Bu, tədqiqat müəlliflərinə istifadəçilərin veb resurslara daxilolmalarının hansı hissəsinin birbaşa süni intellektlə qarşılıqlı əlaqəyə aid olduğunu müəyyənləşdirməyə imkan verib. Digər saytların ziyarət ardıcıllığı istifadəçilərin bu texnologiyalardan hansı məqsədlərlə yararlana biləcəklərini anlamağa kömək edib.
         Tələbələrdən ibarət qrupda süni intellektlə bağlı saytların orta ziyarət payı ümumi baxışların 1%-dən çox olmayıb. İstifadə paylanması da bərabər olmayıb - yalnız az sayda iştirakçı süni intellekti az və ya çox aktiv istifadə edib, əksəriyyəti isə ümumiyyətlə bu texnologiyadan istifadə etməyib. Süni intellektlə əlaqəli ən məşhur resurs ChatGPT olub - onun payı 85% təşkil edib. Bununla belə, tədqiqat göstərib ki, insanlar axtarış sistemlərindən süni intellektdən qat-qat daha çox istifadə edirlər. Tədqiqat müəlliflərini ən çox təəccübləndirən məqam tələbələrin - texnoloji yeniliklərin əsas tərəfdarları sayılan qrupun - süni intellektdən bu qədər nadir istifadə etmələri olub. Süni intellektdən daha aktiv istifadə etmiş tələbələr arasında psixopatiya və narsisizm meyilləri bir qədər yüksək olub. Bununla yanaşı, onlar ümumilikdə süni intellektin cəmiyyətə faydasını daha müsbət qiymətləndiriblər.
         Tədqiqat nəticəsində süni intellektdən istifadəyə marağı izah edən demoqrafik qanunauyğunluq aşkar edilməyib. Ən yaxşı halda, bu marağa təsir edən yeganə amillər yaş və etnik mənsubiyyət ola bilər, lakin bu təsir çox zəif səviyyədədir. Təcrübənin ikinci qrup iştirakçıları - yəni tələbə olmayan şəxslər - süni intellektlə əlaqəli resurslara orta hesabla cəmi 0.44% hallarda müraciət ediblər. Bu qrupda da əsas üstünlük ChatGPT-yə məxsus olub. Lakin süni intellekti daha aktiv istifadə edənlərin psixoloji xüsusiyyətləri arasında insanları manipulyasiya etmək və məqsədə çatmaq üçün aldatmaq meyli kimi xüsusiyyətlər daha çox müşahidə edilib. Qeyd edilib ki, süni intellektdən daha tez-tez istifadə edənlər, ümumiyyətlə, bu texnologiyanı müsbət qiymətləndirən insanlar olublar. Tədqiqat müəllifləri süni intellektin aktiv istifadəçiləri kimi internetdə keçirdikləri vaxtın 4%-dən çoxunu bu tip resurslara sərf edən iştirakçıları qəbul ediblər.
         Bu altqrupda narsisizm və psixopatik xüsusiyyətlər daha qabarıq şəkildə müşahidə olunub. Bununla belə, bu meyllər əsasən tələbələr arasında daha güclü olub, çünki daha geniş seçmə qrupu belə davranış modellərinə malik insanların sayını dəqiq müəyyənləşdirmək üçün kifayət qədər müxtəliflik təmin etməyib. Süni intellekt resurslarını ziyarət etdikdən sonra istifadəçilər ən çox təhsil, kompüter texnologiyaları və peşəkar fəaliyyət mövzuları ilə əlaqəli saytları açırdılar. Bu isə onu göstərir ki, süni intellekt hələ də daha çox təhsil və iş məqsədləri üçün praktik şəkildə istifadə olunur. İstifadəçilər süni intellekti əsasən iş aləti kimi qiymətləndirirlər, əyləncə vasitəsi kimi yox.
         Tədqiqat zamanı maraqlı bir məqam da aşkar edilib: iştirakçıların özlərinin süni intellekti nə qədər tez-tez istifadə etdiklərinə dair subyektiv qiymətləndirmələri, real statistik göstəricilərlə çox vaxt üst-üstə düşməyib. Bu isə onu göstərir ki, bu sahədə yalnız sorğulara əsaslanmaq doğru nəticə vermir. Bununla belə, aparılmış tədqiqatın tam obyektiv olduğunu demək də olmaz. Çünki burada mobil tətbiqlərdən istifadə nəzərə alınmayıb və bütün iştirakçılar yalnız Google Chrome brauzerindən istifadə ediblər. Bundan əlavə, metodika süni intellektin hansı məqsədlərlə istifadə olunduğu barədə də keyfiyyətli məlumat təqdim etməyib. Tədqiqatçılar qeyd edirlər ki, bu metodikanın təkmilləşdirilməsi zəruridir ki, süni intellektin real istifadəsinə dair daha obyektiv mənzərə formalaşdırılsın.
    Paylaş
    Bənzər xəbərlər
    microsoft-ozunun-sifirdan-hazirlamis-oldugu-mai-image-1-sekil-generatorunu-teqdim-edib
    Süni İntellekt

    Microsoft özünün sıfırdan hazırlamış olduğu MAI-Image-1 şəkil generatorunu təqdim edib

    Microsoft AI - süni intellekt sahəsində işləyən bölmə - MAI-Image-1 adlı alqoritmi təqdim edib. Bu, şirkət daxilində sıfırdan hazırlanmış ilk mətn təsviri əsasında şəkil yaradan süni intellekt generatorudur.
    polisler-suni-intellekt-terefinden-yaradilan-evsiz-sexsler-trendini-dayandirmagi-xahis-edirler
    Sosial Media

    Polislər süni intellekt tərəfindən yaradılan evsiz şəxslər trendini dayandırmağı xahiş edirlər

    Süni intellekt vasitəsilə video generasiya texnologiyalarının ən açıq tətbiq sahələrindən biri məşhurların görünüşünün təqlidi olub. Hətta artıq həyatda olmayan ulduzların arxiv müsahibələrini imitasiya edən videolar da geniş yayılıb.
    xai-oyunlar-ve-robotlar-ucun-virtual-dunyalar-yaradacaq
    Süni İntellekt

    xAI oyunlar və robotlar üçün virtual dünyalar yaradacaq

    Böyük dil modelləri ənənəvi olaraq mətn məlumatlarının iri həcmli bazaları əsasında təlim etdirilirdi, çünki bu, texniki cəhətdən daha sadə idi. Lakin onların inkişafının növbəti mərhələsi obyektlərin fiziki qanunları nəzərə alaraq bir-biri ilə qarşılıqlı əlaqədə olduğu virtual dünyaların yaradılmasını nəzərdə tutur.
    suni-intellekt-abs-iqtisadiyyatini-resessiyadan-xilas-edib
    Tech-Biznes

    Süni intellekt ABŞ iqtisadiyyatını resessiyadan xilas edib

    Süni intellekt sahəsi üçün infrastruktur investisiyalarındakı misilsiz artım bu il ABŞ iqtisadi artımının əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu tendensiya süni intellektin iqtisadiyyatı nə dərəcədə dərin şəkildə dəyişdirdiyini açıq şəkildə göstərir və eyni zamanda mütəxəssisləri yeni ABŞ iqtisadi artım modelinin davamlı olub-olmaması barədə düşünməyə vadar edir.
    openai-suni-intellekt-modelleri-siyasi-movzularda-qerezlilik-testlerinden-kecib
    Süni İntellekt

    OpenAI süni intellekt modelləri siyasi mövzularda qərəzlilik testlərindən keçiblər

    OpenAI son nəsil GPT-5 süni intellekt modellərinə “stres testi” tətbiq edib və onların şirkətin ən vacib məqsədlərindən birinə - “ChatGPT heç bir istiqamətdə siyasi qərəzli olmamalıdır” - digər modellərdən daha çox yaxınlaşdığını müəyyənləşdirib.