Logo
    main-post-cover

    Yeni üsul torpağın münbitliyini 3000 il əvəzinə bir neçə həftəyə bərpa edir

    Elm & Texnologiya
    04.08.2025
    Emil
         Almaniyanın Humify startapı torpağın münbitliyinin bərpasına imkan verən bir texnologiya hazırlayıb. Bu texnologiya təbiətdə təxminən 3000 il çəkən təbii regenerasiya prosesini cəmi bir neçə həftəyə endirməyə imkan verir. Metod hidrotermal humifikasiya adlanır - bu prosesdə üzvi tullantılar istilik, təzyiq və su vasitəsilə qidalı humin maddələrə çevrilir. Sahə sınaqları zamanı Humify tərəfindən hazırlanmış süni humusun tətbiqi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 20%-ə qədər artırıb. Torpaq karbon qazının tutulmasında əsas rol oynayır. O, Yer kürəsində ən böyük təbii CO2 anbarıdır. Lakin meşələrin qırılması, bataqlıqların qurudulması və intensiv kənd təsərrüfatı kimi insan fəaliyyəti torpaq mikroorqanizmlərinin məhvinə və torpağın karbonu tutma qabiliyyətinin azalmasına səbəb olur. Nəticədə, torpaq zərərli emissiyaların mənbəyinə çevrilir və iqlim böhranını daha da dərinləşdirir.
         Bu problemi həll etmək üçün Humify komandası - kimyaçılar, bioloqlar və mühəndislər daxil olmaqla - təxminən 1 əsr əvvəl alman kimyaçısı Friedrich Bergius-un işləyib hazırladığı Bergius-Pier prosesi üzərində işləməyə başlayıb. Friedrich Bergius bu işinə görə 1931-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdü. Əvvəllər bu metod biokütlənin istilik, su və təzyiq vasitəsilə neftə çevrilməsi üçün nəzərdə tutulmuşdu. Lakin tədqiqatçılar bu prosesi süni humus istehsalına uyğunlaşdırıblar. Humus - torpağın əsas üzvi maddəsidir və bitki və heyvan qalıqlarının parçalanması nəticəsində yaranır. O, bitkilərin böyüməsi üçün vacib olan qidalandırıcı maddələri özündə birləşdirir, torpağın strukturunu yaxşılaşdırır, su və mineralların torpaqda saxlanmasına kömək edir.
         Nəticədə torpaq daha münbit olur və mikroorqanizmlər ilə bitkilər üçün əlverişli bir mühitə çevrilir. Təcrübələr zamanı alimlər müəyyən ediblər ki, hidrotermal prosesin kimyəvi tərkibində edilən dəyişikliklər sürətlə təbii humin maddələrə bənzər polimerlərin yaranmasına səbəb olur. Bundan əlavə, torpaq bakteriyaları bu süni polimerlərə aktiv reaksiya verir, mikroorqanizm fəallığını stimullaşdırır və torpaq ekosistemini yaxşılaşdırır. Hidrotermal humifikasiya prosesi təxminən 200 dərəcə Selsi temperaturda və aşağı təzyiqdə həyata keçirilir ki, bu da üzvi tullantıların qısa müddətdə humusa çevrilməsinə imkan verir.
         Çində keçirilmiş sahə sınaqları göstərib ki, Humify humusunun tətbiqi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 20%-ə qədər artırır. Bundan əlavə, 1 hektar əraziyə tətbiq olunan 1 ton belə süni humin maddəsi artıq ilk il ərzində torpaqda 50 tona qədər karbonu bağlaya bilir ki, bu da CO2 emissiyalarını əhəmiyyətli dərəcədə azaldır və iqlim dəyişikliyi ilə mübarizəyə kömək edir. Startap hazırda istehsalın genişləndirilməsi ilə məşğuldur. Laboratoriya sınaqlarından sonra komanda illik 3000 tona qədər biokütləni emal edə biləcək pilot qurğunun layihələndirilməsinə başlayıb. Humify-ın texniki direktoru, kimyaçı Svitlana Filonenko qeyd edib ki, materialların qızdırılması və soyudulması proseslərində enerji sərfiyyatının optimallaşdırılmasına xüsusi diqqət yetirilir. Bu isə süni humin maddələrinin istehsalını iqtisadi baxımdan səmərəli və qlobal bazarda rəqabətədavamlı edəcək.
    Paylaş
    Bənzər xəbərlər
    mars-buzlaqlarinin-terkibinin-80-den-coxu-su-buzundan-ibaretdir
    Elm & Texnologiya

    Mars buzlaqlarının tərkibinin 80%-dən çoxu su buzundan ibarətdir

    Yeni radiolokasiya məlumatlarının təhlili indiyədək Marsın orta enliklərində yerləşən nəhəng buzlaqların tərkibi haqqında ən inandırıcı sübutları təqdim edir: bu buzlaqlar əsasən qaya deyil, 80%-dən çox dərəcədə son dərəcə təmiz su buzundan ibarətdir.
    gunes-sistemindeki-3-cu-ulduzlararasi-kometa-baresinde-yeni-melumatlar-elde-edilib
    Elm & Texnologiya

    Günəş sistemindəki 3-cü ulduzlararası kometa barəsində yeni məlumatlar əldə edilib

    1 ay əvvəl dünya Günəş sistemində üçüncü ulduzlararası obyektin - 3I/ATLAS kometasının kəşf olunduğunu öyrəndi. Bu kometanı ATLAS adlı robotlaşdırılmış rəsədxana aşkar edib. Məlum olub ki, həmin kometa təsadüfən yeni Vera Rubin adına rəsədxananın texniki şəkillərinə də düşüb.
    kosmik-sualar-buz-planetlerinin-derinliklerindeki-potensial-heyati-destekleye-bilerler
    Elm & Texnologiya

    Kosmik şüalar buz planetlərinin dərinliklərindəki potensial həyatı dəstəkləyə bilərlər

    İyulun 28-də International Journal of Astrobiology jurnalında dərc olunmuş bir tədqiqat göstərib ki, kosmik şüalar planetlərin səthi altında yerləşən buz və suyu parçalaya bilər və bu zaman enerji elektronlar şəklində açığa çıxır.
    kosmosda-hamilelik-kecirtmek-mumkundurmu
    Elm & Texnologiya

    Kosmosda hamiləlik keçirtmək mümkündürmü?

    Nəzərə alsaq ki, kosmik agentliklər insanların təkcə Aya deyil, həm də Marsa uçuşlarını planlaşdırırlar, tədqiqatçılar uzunmüddətli kosmik səyahətlər zamanı insan orqanizmi ilə nə baş verəcəyinə daha çox diqqət yetirməyə başlayıblar.
    k2-18b-ekzoplanetinde-heyatin-movcudlugu-tekzib-edilib
    Elm & Texnologiya

    K2-18b ekzoplanetində həyatın mövcudluğu təkzib edilib

    Bu ilin əvvəlində astronomlar, sanki sensasiyalı bir kəşf etdiklərini bildirmişdilər. Onlar başqa bir planetdə yadplanetli həyatın mövcudluğuna dair ən inandırıcı sübutları tapdıqlarını iddia etmişdilər.