Logo
    main-post-cover

    SpaceX Starship-in 11-ci sınaq uçuşu uğurlu şəkildə keçib (VİDEO)

    Elm & Texnologiya
    14.10.2025
    Emil
         Bugün SpaceX şirkətinin Starship raketi Cənubi Texasdakı Starbase kosmodromundan buraxılıb. Bu, raketin 11-ci suborbital sınaq uçuşu olub və eyni zamanda ikinci versiyanın son buraxılışı kimi tarixə düşüb. Missiyanın bütün əsas mərhələləri heç bir anomaliya olmadan başa çatıb ki, bu da özü-özlüyündə böyük uğur sayılır - çünki hər belə uçuş SpaceX raketlərinin yaxın gələcəkdə mütəmadi olaraq əvvəlcə Aya, sonra isə Marsa uçacağı günə bir addım daha yaxınlaşdırır. Bugün buraxılmış raket layihənin ikinci versiyasına aiddir. Onun ümumi hündürlüyü Super Heavy sürətləndiricisi ilə birlikdə təxminən 123 metr təşkil edir. Növbəti sınaq uçuşuna isə 124.4 metr hündürlüyə malik üçüncü versiya göndəriləcək. Starship layihəsinin kommersiya istifadəsinə başlamazdan əvvəl nəzərdə tutulan dördüncü versiyanın hündürlüyü 142 metr olacaq və onun 2027-ci ildə uçuşlara başlaması planlaşdırılır.
         Starship kompleksinin 11-ci sınaq uçuşu təxminən 66 dəqiqə davam edib və raket pillələrinin ayrılması, faydalı yükün buraxılması və idarə olunan eniş mərhələlərini özündə birləşdirib. Bu uğur, 2025-ci ilin avqustunda baş tutmuş 10-cu sınaq uçuşunun nəticələrini təkrarlayıb və ardıcıl 3 uğursuz buraxılışdan sonra layihə üçün vacib bir mərhələ sayılır. Missiyanın əsas məqsədləri tam şəkildə yerinə yetirilib. Uçuşdan 2.5 dəqiqə sonra Super Heavy birinci pilləsi ilə Ship 38 adlı ikinci pillə uğurla ayrılıb. Birinci pillə - Super Heavy sürətləndiricisi - təkrar istifadə olunub: o, daha əvvəl 8-ci sınaq uçuşunda da iştirak etmişdi. Bu dəfə sürətləndirici start meydançasına qaytarılmayıb, uçuşdan təxminən 6.5 dəqiqə sonra Meksika körfəzinə endirilib. Starship gəmisi (eyni zamanda kompleksin ikinci pilləsi) 192 km hündürlükdə 8 Starlink peyk maketini suborbital trayektoriyaya çıxarıb.
         Bundan əlavə, uçuşun 38-ci dəqiqəsində kosmosda Raptor mühərrikinin yenidən işə salınması uğurla sınaqdan keçirilib. Yerə eniş zamanı, Hind okeanı səthinə yaxın məsafədə, gəmi səsdən aşağı sürətdə bir sıra manevrlər edərək enişə yaxınlaşmanı imitasiya edib. Qeyd edilməlidir ki, bu uçuş zamanı gəmiyə quraşdırılmış istilik qalxanının bəzi plitələri qəsdən çıxarılmışdı. Məqsəd, əyləcləmə zamanı yaranan yüksək temperaturun gəminin kritik hissələrinə təsirini yoxlamaq idi. Artan istilik yüklənməsi gəminin məhvinə səbəb olmayıb - bu da müsbət nəticə kimi qiymətləndirilib. Sınaq zamanı Super Heavy sürətləndiricisi üçün yeni əyləcləmə strategiyası da yoxlanılıb: əvvəlcə onun 24 mühərrikindən 13-ü, daha sonra isə yalnız 5-i işə salınıb.
         Raketin üçüncü versiyasında, eniş platformasına yaxınlaşmanın son mərhələsində cəmi 3 mühərrikin işləməsi planlaşdırılır. Lakin 5 mühərrikli korreksiya sxeminin tətbiqi sürətləndiricinin enişini daha etibarlı edir. Bu yeni sistem 11-ci sınaq uçuşu zamanı uğurla sınaqdan keçirilib. Starship kompleksi son dərəcə iddialı məqsədlər üçün hazırlanır - bunlara Marsın kolonizasiyası və NASA Artemis” proqramı çərçivəsində Aya eniş modulunun orbitə çatdırılması daxildir. Raket 150 tona qədər yükü aşağı Yer orbitinə çıxarmaq qabiliyyətinə malikdir və tamamilə yenidən istifadə oluna bilən quruluşdadır. Bu isə kosmik sənayeni köklü şəkildə dəyişdirə biləcək bir yenilik kimi qiymətləndirilir. Yaxın aylarda SpaceX şirkəti Texasda yerləşən əsas start meydançasını modernləşdirəcək və bundan sonra Starship raketinin növbəti - üçüncü versiyasının sınaq uçuşlarına başlayacaq
    Paylaş
    Bənzər xəbərlər
    cin-sirketi-govdesi-suya-ve-toza-davamli-ilk-insanabenzer-robotu-teqdim-edib-video
    Elm & Texnologiya

    Çin şirkəti gövdəsi suya və toza davamlı ilk insanabənzər robotu təqdim edib (VİDEO)

    Çinin Deep Robotics şirkəti DR02 adlı insanabənzər robotunu təqdim edib - bu robot çətin sənaye və açıq hava şəraitində fasiləsiz tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub. Onun konstruksiyası IP66 standartına uyğun suya və toza qarşı qoruma ilə seçilir, həmçinin geniş temperatur diapazonunda işləmək qabiliyyətinə malikdir.
    insanabenzer-figure-03-robotu-teqdim-edilib-qiymeti
    Elm & Texnologiya

    İnsanabənzər Figure 03 robotu təqdim edilib - QİYMƏTİ

    Figure şirkəti insanabənzər robotunun üçüncü nəsil modelini - Figure 03-ü təqdim edib. Bu model tamamilə yenidən işlənib və “görmə - dil - hərəkət” (Vision - Language - Action, VLA) inteqrasiyası əsasında qurulub.
    cin-dunyanin-ilk-kommersiya-meqsdeli-sualti-melumat-emali-merkezini-ise-salib
    Elm & Texnologiya

    Çin dünyanın ilk kommersiya məqsədli sualtı məlumat emalı mərkəzini işə salıb

    Dünyada ilk kommersiya məqsədli sualtı məlumat emalı mərkəzi (MEM) Cənubi Çin dənizində yerləşən tropik Hainan adasında fəaliyyətə başlayıb. Burada ölkənin ən böyük rüsum­suz ticarət sınaq zonası yerləşir.
    alibaba-oz-suni-intellekt-modelleri-esasinda-intellektual-robotlarini-yaradacaq
    Elm & Texnologiya

    Alibaba öz süni intellekt modelləri əsasında intellektual robotlarını yaradacaq

    Alibaba süni intellekt əsaslı avadanlıqların hazırlanması yarışında digər böyük şirkətlərə qoşularaq robot texnologiyalarının yaradılması ilə məşğul olacaq yeni bir bölmə formalaşdırıb.
    tesla-bu-il-ucun-optimus-robotunun-kutlevi-istehsal-planini-texire-salib
    Elm & Texnologiya

    Tesla bu il üçün Optimus robotunun kütləvi istehsal planını təxirə salıb

    Tesla şirkəti konstruktorluq çətinliklərinə görə humanoid (insanabənzər) Optimus robotlarının kütləvi istehsalını müvəqqəti olaraq dayandırıb.