
Alimlər ən uzaqda yerləşən böyük kütləli "ölü" qalaktikanı kəşf ediblər
Elm & Texnologiya
14.04.2025
Emil
Astronomlar James Webb kosmik teleskopunun köməyi ilə indiyə qədər müşahidə olunmuş ən uzaq - yəni ən erkən dövrə aid olan - böyük kütləli ölü qalaktikanı kəşf ediblər. Bu kəşf göstərir ki, qalaktikalar kainatın tarixində düşündüyümüzdən daha erkən dövrdə sürətlə böyük kütlə qazana və eyni sürətlə “ölə” biliblər. Bu kəşf qalaktikaların təkamülü modelinə ciddi bir çağırışdır. Astronomlar yeni ulduzların yaranması prosesi dayanmış qalaktikaları "ölü qalaktikalar" adlandırırlar. Belə qalaktikalar həm də "ölü və qırmızı" adlanır, çünki onların tərkibində əsasən yaşlı, kiçik və qırmızı ulduzlar olur, lakin gənc və böyük kütləli mavi ulduzlar yoxdur.

Astronomlar indiyə qədər məlum olan ən uzaq ölü qalaktikanı aşkarlayıblar - bu qalaktika RUBIES-UDS-QG-z7 adlandırılıb. Bu qalaktikadan gələn işıq bizə 13 milyard ildən artıq müddətdə çatıb, bu isə o deməkdir ki, astronomlar onu Böyük partlayışdan cəmi 700 milyon il sonra mövcud olduğu vəziyyətdə müşahidə ediblər. Bu, indiyə qədər erkən kainatda aşkar edilmiş ilk böyük kütləli ölü qalaktikadır. Qalaktikanın mövcudluğu 13.8 milyard illik kainat tarixinin çox erkən mərhələsinə aiddir. Bu kəşf qalaktikaların və bütövlükdə kainatın təkamül modellərinə ciddi bir çağırış yaradır. Alimlərin sözlərinə görə, müşahidələr göstərib ki, bəzi qalaktikalar yeni ulduzların yaranmasını, mövcud modellərin təxmin etdiyindən çox daha əvvəl dayandırıblar.

Bu isə kainatın təkamül tarixinin, xüsusilə də qalaktikaların inkişafı və ulduzların formalaşması ilə bağlı proseslərin yenidən nəzərdən keçirilməsini zəruri edir. Qalaktikaların böyük kütləli hala gəlməsi üçün bir neçə milyard il tələb olunur. Eyni zamanda, onların “ölü” qalaktikaya çevrilməsi üçün də təxminən bu qədər vaxt lazım olduğu düşünülürdü. Alimlər əvvəllər belə hesab edirdilər. Bundan əvvəlki müşahidələrdə astronomlar James Webb teleskopu vasitəsilə müəyyən etmişdilər ki, ölü qalaktikalar artıq Böyük partlayışdan 1.2 milyard il sonra kainatda mövcud idi. Lakin RUBIES-UDS-QG-z7 qalaktikasının kəşfi göstərir ki, bu cür obyektlər düşündüyümüzdən çox daha əvvəl “ölməyə” başlayıblar.

Hələlik astronomlar bəzi qalaktikaların necə bu qədər qısa müddətdə böyük kütlə qazandığını və sonradan eyni dərəcədə sürətlə “öldüyünü” - yəni yeni ulduzların yaranmasını dayandırdığını izah edə bilmirlər. Astronomların sözlərinə görə, maraqlı məqam ondan ibarətdir ki, RUBIES-UDS-QG-z7 qalaktikası artıq “ölü” olduğu vaxtda, erkən kainatdakı bir çox digər qalaktikalar hələ də kütlə qazanır və inkişaf edirdilər. Alimlərin hesablamalarına görə, erkən kainatda bu cür ölü qalaktikalar çox sayda olmamalıdır, lakin gələcək müşahidələr bu barədə daha çox məlumat verə bilər. Hər bir halda, bu rekorda imza atan qalaktika alimlər üçün böyük bir sürpriz oldu və bu da o deməkdir ki, kainat hələ də açıqlanmamış saysız-hesabsız sirrlər saxlayır.
Mənbə: Live Science
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Potensial yadplanetli həyat növünün yeni axtarış üsulu təklif edilib
Potensial yadplanetli həyat növü Yer üzündəki həyatdan xeyli fərqli ola bilər. Lakin yaşamağa uyğun planetlərin kəşfi və Yer üzündə ekstremal şəraitdə mövcud olan canlıların tapılması göstərir ki, həyat kainatda geniş yayılmış ola bilər və biz tək deyilik.

Elm & Texnologiya
Ən güclü rentgen şüalanması ifraz edən qara dəlik kəşf edilib
Əvvəllər qeyri-aktiv olmuş və təxminən 300 milyon işıq ili uzaqlıqda yerləşən SDSS1335+0728 qalaktikasının mərkəzindəki superkütləli qara dəlik hal-hazırda ən güclü rentgen şüalanması partlayışlarını yaradır.

Elm & Texnologiya
Alimlər gizli qalaktikalar aşkar ediblər
Yeni kəşf kosmos haqda anlayışımızı dəyişə bilər. Astronomlar “gizli” qalaktikalar populyasiyasını aşkar ediblər və bu qalaktikalar kainatın bəzi sirlərinin açarını daşıya bilərlər. Əgər onların mövcudluğu təsdiqlənsə, bu, kainatda qalaktikaların sayı və onların təkamülü ilə bağlı mövcud modelləri alt-üst edəcək.

Elm & Texnologiya
Harvard alimi uzaq keçmişdə Marsda qədim sivilizasiyanın mövcud olduğunu iddia edir
Marsdakı qədim sivilizasiya nüvə müharibəsi nəticəsində məhv edilib. Bu, elmi-fantastik film ssenarisi kimi səslənsə də, Harvard Universitetindən olan alim John Brandenburg hesab edir ki, bu fəlakətli hadisə həqiqətən baş verib.

Elm & Texnologiya
Robot vasitəsilə süni mayalandırılmış ilk uşaq dünyaya gəlib
Spermanın sitoplazmaya yeridilməsi metodu - süni mayalanmanın bir növü olan bu üsul 1990-cı illərdə hazırlanıb və bu günə qədər geniş şəkildə tətbiq olunur.
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
