Logo
    main-post-cover

    Süd Yolunun mərkəzində yeni növ ulduzlar yerləşə bilərlər

    Elm & Texnologiya
    08.07.2025
    Emil
         Astrofiziklər hesab edirlər ki, qalaktikamızın mərkəzində gizlənən qaranlıq cırtdan ulduzlar kainatın ən sirli hadisələrindən biri olan qaranlıq materiyanın sirrini açmağa kömək edə bilər. Yeni tədqiqat göstərir ki, Süd Yolu qalaktikasının mərkəzində enerjisini nüvəsindəki qaranlıq materiya hissəciklərinin məhvi nəticəsində alan yeni tip ulduzlar gizlənir. Bu obyektlər qaranlıq cırtdanlar adlandırılır və onlar əslində sonsuz müddət mövcud ola bilərlər. Qaranlıq cırtdanlar çox zəif işıq saçsalar da, onları James Webb kosmik teleskopu vasitəsilə aşkar etmək mümkündür. Bu cür obyektlərin kəşfi alimlərə qaranlıq materiyanın təbiətini müəyyən etməyə kömək edə bilər. Hesab olunur ki, kainatın kütləsinin 85%-ni görünməz qaranlıq materiya təşkil edir. Bu materiya adi materiya ilə yalnız qravitasiya yolu ilə qarşılıqlı əlaqədə olur. Lakin qaranlıq materiyanın nədən ibarət olduğu hələ də məlum deyil, çünki o nə işıq saçır, nə də onu udur.
         Buna baxmayaraq, qaranlıq materiyanın qalaktikaların və kainatın irimiqyaslı strukturlarının formalaşmasında mühüm rol oynadığı hesab olunur. Tədqiqatın müəllifləri hesab edirlər ki, qaranlıq materiyanın təbiətini aydınlaşdırmağa qaranlıq cırtdanlar adlandırılan obyektlər kömək edə bilərlər. Güman olunur ki, bu obyektlər Süd Yolu qalaktikasının mərkəzində - qaranlıq materiyanın çox olduğu bölgədə gizlənirlər. Alimlərin fikrincə, qaranlıq cırtdanlar nüvəsində qaranlıq materiya toplanan qəhvəyi cırtdanlardır. Bu obyektlər, qaranlıq materiya hissəciklərinin məhv olması hesabına enerji ala və nəticə etibarilə faktiki olaraq sonsuza qədər mövcud ola bilərlər. Qəhvəyi cırtdanlar - qaz nəhəngi sinfinə aid ən böyük planetlərdən (məsələn, Yupiterdən) böyük, lakin ən kiçik ulduzlardan daha yüngül olan subulduz obyektlərdir. Onların kütləsi termonüvə sintezini başladacaq qədər böyük deyil.
         Bu səbəbdən də nüvələrində enerji hasil edə və adi ulduzlar kimi güclü şüalanma yarada bilmirlər. Bu səbəbdən, qəhvəyi cırtdanlar zəif işıqlanan və soyuq obyektlər hesab olunurlar. Tədqiqat müəllifləri hesab edirlər ki, əgər bəzi qəhvəyi cırtdanlar Süd Yolu qalaktikasının mərkəzindəki kimi qaranlıq materiyanın yüksək sıxlıqlı bölgəsində yerləşirlərsə, qaranlıq cırtdanlara çevrilə bilərlər. Bu zaman, əgər qaranlıq materiya “vimp” (WIMP - zəif qarşılıqlı təsirə malik kütləvi hissəciklər) adlandırılan hipotetik hissəciklərdən ibarətdirsə, onlar həmin obyektlərin nüvəsində toplanmağa başlayırlar. Astrofiziklərin fikrincə, vimplər əks hissəciklərə malik olduqları üçün bir-birilə toqquşaraq məhv olur və bu zaman ayrılan enerji qaranlıq cırtdanları qidalandırır. Buna görə də, qaranlıq cırtdanlar qəhvəyi cırtdanlardan əhəmiyyətli dərəcədə fərqlənir və onları, məsələn, James Webb kosmik teleskopu vasitəsilə müşahidə etmək mümkündür.
         Alimlər hesab edirlər ki, qaranlıq cırtdanların kütləsi təxminən Günəşin kütləsinin 8%-i qədərdir və onlar işıq saçırlar. Hətta bu işığın bəzi qırmızı cırtdan ulduzlardan - qalaktikamızda ən çox rast gəlinən ulduz növündən - daha parlaq ola biləcəyi ehtimal olunur. Qaranlıq cırtdanı aşkar etmək üçün litium-7 izotopunun mövcudluğuna dair əlamətləri axtarmaq lazımdır. Bu litium izotopu adi ulduzların dərinliklərində tez yanır, lakin qəhvəyi cırtdanlarda qalır. Bu səbəbdən o, qaranlıq cırtdanların daxilində də qalmalıdır. Astrofiziklərin sözlərinə görə, əgər qırmızı cırtdana bənzəyən, lakin tərkibində litium-7 olan bir obyekt aşkar edilərsə, bu, qaranlıq cırtdan ola bilər. Bu isə qaranlıq materiyanın ilk birbaşa müşahidəsi olardı. Lakin əgər qaranlıq materiya vimp deyil, daha yüngül hissəciklərdən ibarətdirsə, o zaman onun qəhvəyi cırtdanların daxilində toplanması müşahidə edilə bilməyəcək. Alimlər bildirirlər ki, qaranlıq cırtdana dair müşahidələr qaranlıq materiyanın tam olaraq vimp olduğunu sübut etməsə də, onun ya bu hissəciklərdən, ya da onlara bənzər digər ağır hissəciklərdən ibarət olduğunu göstərə bilər.
    Paylaş
    Bənzər xəbərlər
    qlobal-co2-emissiyasi-rekord-hedde-catib
    Elm & Texnologiya

    Qlobal CO2 emissiyası rekord həddə çatıb

    Enerji İnstitutu (EI) “2025-ci ildə Dünya Enerjisi üzrə Statistik Baxış” adlı yeni hesabatını dərc edib. Bu hesabat daha əvvəl 70 ildən artıq müddət ərzində BP şirkəti tərəfindən nəşr olunurdu. Araşdırma göstərib ki, bərpa olunan enerji mənbələrinə qoyulan böyük investisiyalara və müxtəlif səviyyələrdə sıfır emissiyaya doğru irəliləmək üçün verilmiş çoxsaylı vədlərə baxmayaraq, emissiyaların artım tendensiyası davam edir.
    james-webb-iki-qalaktika-topasinin-toqqusmasini-cekib
    Elm & Texnologiya

    James Webb iki qalaktika topasının toqquşmasını çəkib

    NASA-nın James Webb kosmik teleskopu Yerə “Güllə” (Bullet Cluster) adlanan qalaktikalar topasının təsirli bir fotosunu göndərib. Bu topa iki ayrı qalaktika qrupunun toqquşmasından ibarətdir.
    gunes-sistemindeki-ucuncu-ulduzlararasi-obyekt-kometa-imis
    Elm & Texnologiya

    Günəş sistemindəki üçüncü ulduzlararası obyekt kometa imiş

    Alimlər dəqiq müəyyən ediblər ki, keçən həftə Günəş sistemində müşahidə olunmuş üçüncü ulduzlararası obyekt (3I/ATLAS) əslində kometadır.
    google-da-melumat-axtarisi-kreativliyi-boga-biler
    Elm & Texnologiya

    Google-da məlumat axtarışı kreativliyi boğa bilər

    Karnegi Mellon Universitetinin (CMU) mütəxəssisləri internetə çıxışın insan yaradıcılığına təsirini araşdırıblar. Məlum olub ki, Google vasitəsilə məlumat axtarma imkanı yaradıcılığı həm stimullaşdıra, həm də boğa bilər. İnsanlar baş verən dəyişikliklərə effektiv uyğunlaşmaq üçün yeni ideyalar irəli sürməyi və problemlərə yaradıcı yanaşmağı bacarmalıdırlar.
    iki-defe-partlamis-ilk-supernova-kesf-edilib
    Elm & Texnologiya

    İki dəfə partlamış ilk supernova kəşf edilib

    Nəzəri və praktik cəhətdən yaxşı öyrənilmiş Ia tipli supernovalar (digər adı ilə ağ cırtdanlar) proseslərə daha dərindən baxıldıqda göründüyü qədər sadə deyillər. Modelləşdirmə nəticəsində ağ cırtdanlarda daha əvvəl məlum olmayan bir termonüvə partlayışı mexanizmi - ikiqat detonasiya üsulu - aşkar edilib.