Logo
    main-post-cover

    Heç gözlənilməz yerdə Süd Yolu qalaktikasının oxşarı kəşf edilib

    Elm & Texnologiya
    22.05.2025
    Emil
         Astronomlar kainatın erkən dövründə - Böyük partlayışdan cəmi 2.6 milyard il sonra yaranmış nəhəng bir qalaktika aşkar ediblər. Bu artıq yaxşı formalaşmış spiral quruluşlu qalaktikadır və bəzi baxımdan Süd Yolu qalaktikasına bənzəyir. Lakin bu qədər erkən dövrdə belə tip qalaktikaların mövcud olması nəzəri baxımdan mümkün hesab olunmurdu. Astronomlar bu spiral qalaktikanı James Webb kosmik teleskopunun və yerüstü ALMA radioteleskopunun köməyi ilə aşkar ediblər. Bu qalaktika yaxşı təşkil olunmuş struktura və qalaktik körpü (bar) adlanan mərkəzi uzun quruluşa malikdir. Bu cür qalaktik körpü, Süd Yolu qalaktikasında da mövcuddur, və ulduzlar burada bir-birinə çox sıx şəkildə yerləşirlər.
         Əvvəllər hesab edilirdi ki, böyük spiral quruluşların, xüsusilə də bu cür körpü strukturlarının formalaşması üçün qalaktikalara 2.6 milyard ildən daha çox zaman lazımdır. Lakin bu yeni kəşf göstərir ki, qalaktikalar erkən kainatda fərqli şəkildə və daha sürətli formalaşa bilərmiş. Yeni aşkar edilmiş spiral qalaktikaya J0107a adı verilib və bu qalaktika lokal kainatda yerləşən qalaktikalara, həmçinin Süd Yolu qalaktikasına çox bənzəyir. Halbuki onlar inkişaf və böyümək üçün daha çox zamana sahib olublar. Bu isə çox təəccüblü hesab olunur. Ümumiyyətlə, belə qəbul edilir ki, qalaktikalar superkütləli qara dəliklərin ətrafında formalaşmağa başlayırlar - qalaktikalararası qazın toplanması ilə. Zamanla bu qaz elə sıxlaşır ki, onun daxilində ulduzlar yaranır.
         Qalaktika kifayət qədər kütlə yığdıqdan sonra, o, spiral strukturlar, xüsusilə də spiral qollar və qalaktik körpü formalaşdırmağa başlayır. Lakin astronomlar hesab edirlər ki, belə körpülərin yaranması üçün qalaktikaların milyardlarla il inkişaf etməsi lazımdır - yəni 2.6 milyard ildən qat-qat çox zaman. Bundan əlavə, qalaktik körpülər çox asanlıqla dağılır, xüsusilə qalaktikaların toqquşması zamanı, bu isə qalaktikanın sonrakı təkamülünü ləngidə bilər. Alimlərin fikrincə, erkən kainatda qalaktikaların toqquşmaları daha tez-tez baş verirdi, buna görə də bu cür strukturların salamat qalması nadir haldır. Lakin J0107a qalaktikasında yerləşən qalaktik körpü nədənsə zərər görməyib. Bu isə astronomlar üçün böyük bir sirr olaraq qalır.
         Astronomları ən çox təəccübləndirən məqamlardan biri bu oldu ki, qalaktik körpü J0107a qalaktikasında qazın qalaktikanın mərkəzinə daşınmasına şərait yaradır. Bu proses ildə təxminən 600 Günəş kütləsi sürəti ilə baş verir. Bu da qalaktikada yüksək sürətlə ulduzların yaranmasına imkan verir. Belə bir hal erkən kainat qalaktikaları üçün olduqca qeyri-adi hesab olunur. Astronomların hesablamalarına görə, J0107a qalaktikası öz dövrü üçün həddindən artıq böyükdür. Bu spiral qalaktikanın ümumi kütləsi Günəşin kütləsindən 450 milyard dəfə böyükdür və ildə 500 Günəş kütləsi sürətilə yeni ulduzlar formalaşdırır.
         Müqayisə üçün Süd Yolu qalaktikasının kütləsi təxminən 800 milyard - 1 trilyon Günəş kütləsi arasındadır, amma ildə cəmi 2 Günəş kütləsi qədər ulduz formalaşdırır. Astronomlar həmçinin aşkar ediblər ki, J0107a qalaktikasındakı qalaktik körpüdə qazın hərəkət sürəti, Süd Yolu və digər lokal spiral qalaktikalardakından 10-100 dəfə çoxdur. Astronomlar hesab edirlər ki, qalaktik körpülər spiral qalaktikaların böyüməsində düşündüyümüzdən daha mühüm rol oynamağa başlayıblar. Eyni zamanda, alimlər J0107a qalaktikasında ulduzların formalaşmasının Süd Yolu kimi daha yaşlı qalaktikalarda olduğu kimi baş verib-vermədiyini hələ dəqiq bilmirlər.
         Bu yeni kəşf onu göstərir ki, qalaktikaların erkən təkamül modellərini yenidən nəzərdən keçirmək lazım gələ bilər. Astronomlar düşünürlər ki, J0107a qalaktikası çox sürətlə formalaşıb və birbaşa olaraq qalaktikalararası fəzada uzanan “kosmik tor” (cosmic web) adlanan quruluşdan gələn qazdan yaranıb. Alimlər ümid edirlər ki, gələcək müşahidələr bu qalaktikanın qeyri-adi quruluşunun və ölçüsünün sirrini açmağa kömək edəcək. Xatırladaq ki, spiral qalaktikalar kainatda ən geniş yayılmış qalaktika tiplərindən biridir. Onlar parlaq mərkəzə sahib olan fırlanan yastı disklərdən və mərkəzdən çıxan spiral qollardan ibarətdir.
    Mənbə: Science Alert
    Paylaş
    Bənzər xəbərlər
    astronomlar-yeni-en-qedim-qalaktikani-kesf-edibler
    Elm & Texnologiya

    Astronomlar yeni ən qədim qalaktikanı kəşf ediblər

    MoM-z14 qalaktikası Böyük partlayışdan cəmi 280 milyon il sonra mövcud olub və belə qalaktikaların erkən kainatda bu qədər geniş yayılması astronomları təəccübləndirir. Daha əvvəl James Webb kosmik teleskopu inanılmaz dərəcədə uzaq, yəni ən qədim qalaktikalardan bir neçəsini aşkarlamışdı.
    uzaq-kecmisde-yupiterin-olcusu-2-defe-boyuk-imis
    Elm & Texnologiya

    Uzaq keçmişdə Yupiterin ölçüsü 2 dəfə böyük imiş

    Yupiterin erkən təkamülünün öyrənilməsi Günəş sistemimizin necə formalaşdığını və niyə bu qədər unikal quruluşa sahib olduğunu anlamağa kömək edir. Yupiter öz nəhəng cazibə qüvvəsi sayəsində tez-tez Günəş sisteminin “memarı” adlandırılır.
    gunese-benzer-3-ulduzdan-yere-istiqametlenmis-siqnallar-qeyde-alinib
    Elm & Texnologiya

    Günəşə bənzər 3 ulduzdan Yerə istiqamətlənmiş siqnallar qeydə alınıb

    SETI (Search for Extraterrestrial Intelligence​​​​​​​) layihəsinin yadplanetli sivilizasiyaların izlərini axtarmaq üzrə fəaliyyəti 50 ildən artıqdır ki, davam edir. Hələlik kainatda ağıllı yadplanetli həyatın mövcudluğuna dair inandırıcı sübutlar tapılmasa da, bəzən alimlər belə ehtimallara yol açan faktlarla qarşılaşırlar.
    qlobal-istilesme-sebebile-braziliya-yasayis-ucun-yararsiz-hala-gele-biler
    Elm & Texnologiya

    Qlobal istiləşmə səbəbilə Braziliya yaşayış üçün yararsız hala gələ bilər

    Braziliya bu əsrdə yaşayış üçün yararsız hala gələ biləcək ölkələr sırasındadır. Səbəb isə ekstremal istiləşmənin yaratdığı təhlükədir. Bu, tropik bölgələrdə temperaturun fəlakətli şəkildə artması riskini göstərən tədqiqat məlumatlarında əks olunur.
    uzaq-qalaktikada-bilinmeyen-materiya-formasi-askar-edilib
    Elm & Texnologiya

    Uzaq qalaktikada bilinməyən materiya forması aşkar edilib

    Son dərəcə sıx bir qalaktika, naməlum formada olan qaranlıq materiyanın mövcudluğunu göstərən ilk açıq sübut ola bilər və bu kəşf bu sirli kosmik substansiya haqqında anlayışlarımızı dəyişə bilər.