400-dən çox aktyor, musiqiçi, rejissor, yazıçı və digər yaradıcı peşə sahibləri açıq məktub imzalayıblar. Onlar ABŞ administrasiyasını süni zəka modellərinin müəllif hüquqları ilə qorunan əsərlər üzərində öyrədilməsini qadağan etməyə çağırıblar. Bu məktub, OpenAI və Google-un süni zəka modellərinin müəllif hüquqları sahiblərinin icazəsi və müvafiq kompensasiya olmadan öyrədilməsinə dair təklif etdikləri “təlim azadlığı” konsepsiyasına cavab olaraq yazılıb. OpenAI bəyan edib ki, müəllif hüquqları qanunlarının yumşaldılması “öyrənmə azadlığını” təşviq edəcək və ABŞ-ın milli təhlükəsizliyini qorumağa kömək edəcək. OpenAI və Google əmindir ki, bu addım süni zəka sahəsində Çinlə olan rəqabətdə ABŞ-ın liderliyini gücləndirəcək.
Məşhurlar, süni zəka modellərinin təkmilləşdirilməsi naminə müəllif hüquqlarının qorunmasını ləğv etməyə heç bir əsas görmürlər: “Biz əminik ki, ABŞ-ın süni zəka sahəsində qlobal liderliyi bizim əsas yaradıcı sahələrimizin hesabına əldə edilməməlidir”. Açıq məktubda yaradıcı şəxslər bildirirlər ki, “öyrənmə azadlığı” prinsipi ölkənin iqtisadi və mədəni gücünü sarsıdacaq, müəllif hüquqlarının qorunmasını zəiflədəcək, Google və OpenAI isə bundan istifadə edərək ABŞ yaradıcı və təhsil sahələrini istismar etmək üçün xüsusi hüquqlar əldə edəcəklər. Onların sözlərinə görə, bu şirkətlərin onsuz da böyük gəlirləri və geniş maliyyə imkanları mövcuddur. “Amerika təsadüfən dünyanın mədəniyyət mərkəzinə çevrilməyib” - deyə məktubda qeyd edilib.
“Bizim uğurumuz, hər bir ştatdan olan istedadlı və zəhmətkeş amerikalıların yaradıcılıq risklərini mükafatlandıran, intellektual mülkiyyətə və müəllif hüquqlarına fundamental hörmətimizlə birbaşa bağlıdır”. Məktubda vurğulanır ki, ABŞ-ın əyləncə sənayesi 2.3 milyon vətəndaşı işlə təmin edir və hər il 229 milyard dollar məvacib ödəyir. Bundan əlavə, bu sənaye “Amerikanın demokratik təsirinin və yumşaq gücünün xaricdəki əsas dayağıdır”. Məktubu imzalayanlar arasında dünya miqyaslı məşhurlar - Ben Stiller, Cate Blanchett, Paul McCartney, Guillermo del Toro, Joseph Gordon-Levitt və bir çox digər tanınmış yaradıcı şəxslər var. Bu məsələyə qarşı etirazlar təkcə ABŞ-da deyil, başqa ölkələrdə də davam edir.
Böyük Britaniya müəllif hüquqları qanununu dəyişdirməyi planlaşdırır ki, bu da müəllif hüquqları sahiblərinin icazəsi və ödəniş olmadan süni zəka modellərinin öyrədilməsinə imkan verəcək. Yalnız müəlliflər əvvəlcədən bu prosesdən imtina etsələr, istisna tətbiq ediləcək. Buna etiraz olaraq 1000 musiqiçidən ibarət bir qrup “Is this what we want?” adlı “sakit” albom buraxıb. Albomda yalnız boş studiyaların və konsert zallarının səsyazmaları yer alıb. Bundan əlavə, musiqiçilərin “Make it fair” şüarı milli mətbuatın birinci səhifələrində yayımlanıb, sənaye və süni zəka tərtibatçıları arasında dialoqa çağırış edilib.