Yaxın aylarda OpenAI süni zəkaya əsaslanan açıq mənbəli böyük dil modelini təqdim etməyi planlaşdırır - bu, GPT-2-dən bəri ilk belə model olacaq. Bu barədə şirkətin saytında yerləşdirilmiş xüsusi səhifədə qeyd olunub. Həmin səhifədə “tərtibatçılar, tədqiqatçılar və ümumi ictimaiyyət” üçün doldurula bilən forma da yerləşdirilib. “Sizə bu modeli mümkün qədər faydalı etmək üçün tərtibatçılar, tədqiqatçılar və ictimaiyyətlə əməkdaşlıq etməkdən məmnunuq. Əgər OpenAI komandası ilə rəy paylaşmaqda maraqlısınızsa, bunu aşağıdakı formadan istifadə edərək bizə bildirin” - deyə OpenAI saytında qeyd olunub. Şirkət eyni zamanda rəy toplamaq və modelin prototiplərini göstərmək üçün müxtəlif tədbirlər də keçirməyi planlaşdırır.
İlk tədbir bir neçə həftə ərzində San-Fransiskoda baş tutacaq, daha sonra isə Avropa və Asiya-Sakit okean regionlarında görüşlər keçiriləcək. OpenAI getdikcə daha fəal şəkildə, o cümlədən Çin şirkəti DeepSeek kimi rəqiblərin təqdim etdikləri açıq mənbəli süni zəka modellərinin hücumlarını dəf etməli olur. Rəqib şirkətlər bu sistemləri həm təcrübələr, həm də kommersiya məqsədləri üçün ictimaiyyətin istifadəsinə açıq şəkildə təqdim edirlər. Meta da Llama model ailəsinin hazırlanmasına böyük vəsait yatırıb - mart ayında bu modellər 1 milyarddan çox yüklənmə sayı əldə edib. DeepSeek isə qısa zamanda böyük istifadəçi bazası toplayıb.
“Şəxsən mən hesab edirəm ki, açıq mənbə məsələsinə fərqli yanaşma formalaşdırmalıyıq. OpenAI daxilində bu fikri hamı paylaşmır və bu, hazırda bizim üçün prioritet deyil. Gələcəkdə biz daha güclü modellər təqdim edəcəyik, amma liderliyimiz əvvəlki illərlə müqayisədə daha az olacaq” - deyə OpenAI-nin rəhbəri Sam Altman daha əvvəl bildirib. Altman 1 gün əvvəl X sosial şəbəkəsində bildirib ki, yeni açıq mənbəli model məntiqi düşünmə funksiyasını dəstəkləyəcək. Şirkət bu modelin təqdimatından əvvəl kommersiya modelləri üçün nəzərdə tutulan bütün standart yoxlamaları, eləcə də əlavə testləri həyata keçirəcək. Bu, onunla bağlıdır ki, model yayımlandıqdan sonra istifadəçilər onu özləri təkmilləşdirməyə başlayacaqlar. Altman-ın fikrincə, bu modeli əsasən iri şirkətlər və hökumət qurumları istifadə edəcək.