
Yeni dünya rekordu: Lucid Air Grand Touring bir dəfə şarj olunandan sonra 1205 km yol qət edə bilib
Nəqliyyat
10.07.2025
Emil
Lucid Motors şirkətinin elektromobili bir dəfə tam şarj olunmaqla ən uzun məsafə qət edən seriyalı elektrik avtomobili kimi Ginnesin Rekordlar Kitabına düşərək dünya rekordu müəyyənləşdirib. Lucid Air Grand Touring modeli İsveçrənin Sent-Morits şəhərindən Almaniyanın Münhen şəhərinə qədər 1205 km məsafəni heç bir şarj stansiyası olmadan qət edib. Lucid Motors bildirib ki, marşrut dağ yolları, avtomagistrallar və ikinci dərəcəli yolları əhatə edib. Bu yeni rekord, 2025-ci ilin iyun ayında müəyyən edilmiş əvvəlki 1045 km-lik göstəricidən 160 km daha çoxdur.

Lucid Air Grand Touring modeli şirkətə məxsus elektrik güc qurğusu ilə təchiz olunub. Mühərrikin gücü 831 at gücü, WLTP (Worldwide Harmonised Light Vehicles Test Procedure) dövriyyə standartına əsasən gediş ehtiyatı isə 817-dən 960 km-ə qədərdir. Batareyanın enerji sərfiyyatı hər 100 km üçün 13.5-16 kVt-saat, maksimal sürət isə 270 km/saat təşkil edir. Elektromobil super sürətli şarj texnologiyasını dəstəkləyir. Bu texnologiya sayəsində cəmi 16 dəqiqəyə 400 km məsafəyə yetəcək qədər enerji toplamaq mümkündür.

Bu, Lucid və Londonda yaşayan sahibkar Umit Sabancı arasında artıq ikinci əməkdaşlıqdır. 2024-cü ildə o, Air Grand Touring modeli ilə bir dəfəlik enerji yükləməsi ilə 9 ölkədən keçərək seriyalı elektrik avtomobili ilə enerji doldurmadan ən çox ölkə ziyarəti üzrə rekord müəyyən etmişdi. Lucid Motors qeyd edib ki, WLTP standartına əsasən təqdim olunan gediş ehtiyatı göstəriciləri avtomobilin standart komplektasiyası üçün nəzərdə tutulub. Gerçək enerji sərfiyyatı və məsafə isə əlavə avadanlıq, hava şəraiti, yol vəziyyəti və sürmə tərzindən asılı olaraq dəyişə bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
